İCTİMAİ İŞLƏR

İctimai işlərin təşkili



İctimai işlər  nəzərdə tutulan müəssisə və şəhər, rayon məşğulluq mərkəzləri arasında bağlanmış müqavilə əsasında həyata keçirilir.
İctimai işlərin aşağıdakı növləri təşkil edilə bilər:
-    şəhər, rayon ərazisinin, küçə, park və meydanların abadlaşdırılması;
-    yaşayış əraziləri, xəstəxana, məktəb, məktəbəqədər uşaq müəssisələri,
yataqxana və pansionatlar, qocalar və əlillər üçün internat evləri, habelə
sosial sferanın digər obyektlərində tikinti və təmir işləri;

  • yol və körpülərin, istilik və qazanxana sistemlərinin təmiri və tikintisi;
  • Kənd təsərrüfatı müəssisələrinə kömək göstərilməsi ilə əlaqədar işlər;
  • Təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması işləri;

-    Qocalara, əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara qulluq;
-    Digər sosial əhəmiyyətli işlər.
İctimai işlər bir qayda olaraq 2 aya qədər müddətə təşkil olunur. Zəruri hallarda müəssisə və şəhər, rayon məşğulluq mərkəzinin birgə razılığı ilə bu müddət artırıla bilər.
İctimai işlərə cəlb olunan vətəndaşlarla işəgötürənlər arasında müddətli əmək müqaviləsi bağlanılır.
Müqaviləyə əsasən ictimai işlərin yerinə yetirilməsi müddəti qurtardıqda və bu müddət ərzində vətəndaş daimi iş yeri ilə təmin olunmadıqda şəhər, rayon məşğulluq mərkəzləri vətəndaşı yenidən ictimai işlərə göndərə bilər və yaxud ona yeni peşə və ixtisasa yiyələnmək təklif edə bilər.
İctimai işlərdə məşğul olan işçinin işlədiyi müddət haqqında müvafiq qaydada əmək kitabçasında qeydiyyat aparılır. İşçilərin ictimai işlərdə iştirak etdiyi müddət ümumi əmək stajına daxil edilir. Eyni zamanda onlara pensiya təminatı və müvəqqəti əmək qabiliyyətini itirməyə görə müavinət almaq hüququ daxil olmaqla bütün sosial təminatlar şamil edilir.
İctimai işlərdə çalışan işçilərə iş vaxtının müddəti qüvvədə olan əmək qanunvericiliyinə uyğun olaraq təyin edilir.


İctimai işlərin əhəmiyyəti


Məşğulluq Xidməti orqanları mülkiyyət formasından asılı olmayaraq müəssisələrlə və fiziki şəxslərlə müqavilə bağlayaraq işaxtaranların müvəqqəti məşğulluğunu təmin etmək məqsədilə onların ödənişli ictimai işlərə cəlb olunmasını təşkil edirlər.
Haqqı ödənilən ictimai işlər işaxtaran və işsiz vətəndaşların xüsusi peşə hazırlığı tələb etməyən müvəqqəti əmək fəaliyyətidir ki, bu da onların yaş və başqa xüsusiyyətləri nəzərə alınmaqla təşkil edilir. Bu tədbirlərin əsas əhəmiyyəti işaxtaranın əmək vərdişlərini itirməməsini təmin etməkdən ibarətdir.